15.12.2017
Saray qəsəbəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib
Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Abşeron rayonu Saray qəsəbə “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-in Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşları İsmayıl Cəfərov, Şahlar Məmmədov, dini icmanın sədri Bəkir Cəfərov, məscidin axundu Etibar Ağayev, icma üzvləri, gənclər və qəsəbə sakinləri iştirak ediblər.
Dini icmanın sədri Bəkir Cəfərov mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşərək layihə çərçivəsində beşinci tədbiri təşkil etdiklərini söyləyib. Tədbirin çox mühüm mövzuya həsr olunduğunu deyən natiq qeyd edib ki, həmrəyliyin təmin olunmasında toleranlıq hər zaman önəmli rol oynayıb. İcma sədri bu cür ənənələrə malik olan xalqımızın hər zaman müxtəlif inanclara hörmətlə yanaşıldığını nəzərə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov dinlərin tolerantlıq, əməkdaşlıq potensialından istifadə olunması üçün dini maarifləndirmənin mütəmadi aparılmasının zəruriliyini diqqətə çatdırıb. Çünki təməl dini bilgilərə malik olmayan şəxslərin məkrli qüvvələr tərəfindən qarşıdurmalara cəlb edilməsi halları daha çox müşahidə edilir. Natiq xalqımızın tarixən formalaşmış tolerantlıq dəyərlərinin dünya miqyasında öyrənilməsinə, yayılmasına, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirib və dinlərarası, dövlətlərarası münasibətlərin qurulmasında belə dəyərlərin mühüm rol oynadığını vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)


