01.05.2017
Şamaxıda “Müasir İslam - həqiqətlər və təhriflər” adlı tədbir keçirilib
Aprelin 29-da Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Müasir İslam - həqiqətlər və təhriflər” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin bölgə üzrə səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, habelə dini ayinlərin icraçıları iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, bu, dövlət başçısının 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı imzaladığı Sərəncam müasir dünyanın mübtəla olduğu radikalizm, islamofobiya və irqçilik bəlalarına qarşı mübarizə üçün ən doğru yoldur.
Eyni zamanda, istər Qurani-Kərimdə yazılmış ayələrdə, istərsə də hədislərdə İslamın hər zaman sülh və həmrəylik tərəfdarı olması vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.