26.11.2016
Şamaxıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı dini maarifləndirici tədbir keçirilib.Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, dini icmanın sədri Ramil İsrayılov, dini icma üzvləri, Adnalı kənd tam orta məktəbin direktoru Səxavət Nəbiyev, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi, milli-mənəvi dəyərlərimizin təbliği fonunda dini maarifləndirmənin ən effektiv vasitə olması barədə geniş söhbət açılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.