07.06.2017
Şamaxıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib
İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə”məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, dini icmanın sədri Bariz Ağayev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli layihə çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açıb, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev gənclərimizi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyə edilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində kənd ziyalılarının, ağsaqqalların da üzərinə böyük işlər düşdüyünü bildirib.
Daha sonra Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, dini icmanın sədri Bariz Ağayev çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb və dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin müsbət nəticələrini xüsusi qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.