07.09.2017
Şamaxıda maarifləndirmə tədbirləri davam etdirilir
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icmasının “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, dini icmanın sədri Əhməd Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən və bəzi radikal dini qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışılıb. Eyni zamanda milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi barədə geniş söhbət açılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.