24.05.2017
Şamaxıda maarifləndirici tədbir baş tutub
Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə” məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Məlikçobanlı kənd bələdiyyəsinin sədri Əlxan Abdullayev, kənd tam orta məktəbin direktoru Səftər Heydərov, dini icmanın sədri Bariz Ağayev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev İslam həmrəyliyinin Azərbaycan modelinin dünyanın bir sıra müsəlman dövlətləri üçün nümunə olduğunu vurğulayıb.
Daha sonra Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Məlikçobanlı kənd tam orta məktəbin direktoru Səftər Heydərov və dini icmanın sədri Bariz Ağayev çıxış edərək dövlətimizin İslam həmrəyliyinə verdiyi dəyərdən danışıblar. Natiqlər milli mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.