13.06.2017
Şamaxıda “İslamda vətən sevgisi” mövzusunda maarifləndirici tədbir baş tutub
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə”məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, dini icmanın sədri Bariz Ağayev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı vətənpərvərliyin mahiyyəti, milli-mənəvi dəyərlərimizdəki rolu, eləcə də müqəddəs dinimizdə Vətən, torpaq sevgisi, o cümlədən şəhidlik zirvəsi haqqında geniş məlumat verilib.
Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.