09.10.2017
Şamaxıda “İslamda vətən sevgisi” adlı maarifləndirici tədbir təşkil olunub
Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması tərəfindən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı RİH başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov, dini icmanın sədri Əhməd Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dinində Vətənə, torpağa bağlılığın əhəmiyyətindən və Vətən sevgisinin müqəddəsliyindən bəhs edib.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev qeyd edib ki, dinimizə görə Vətəni qorumaq müqəddəsdir. O, həmçinin İslamda şəhidlik zirvəsi haqqında danışıb. Tədbirdə çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov cəmiyyətdə, xüsusən də gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruri olduğunu vurğulayıb, torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın həyatından nümunələr gətirib.
Mövzu ilə bağlı dini icma sədri Əhməd Qasımovun da çıxışı dinlənilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.