Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.05.2017

Şamaxıda “İslamda həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə”məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslamda həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sənan Abdullayev, kənd tam orta məktəbin direktoru Səftər Heydərov, kənd bələdiyyəsinin sədri Əlxan Abdullayev, dini icmanın sədri Bariz Ağayev, dini icma üzvləri və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant və multikultural dəyərlərə, habelə həmrəylik prinsiplərinə yüksək önəm verməsinin bariz nümunəsidir.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev İslam dininin humanizm, dözümlülük xüsusiyyətlərini aşılamasından, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərməsindən bəhs edən  məruzəylə çıxış edib.
Daha sonra Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Məlikçobanlı kənd tam orta məktəbin direktoru Səftər Heydərov və dini icmanın sədri Bariz Ağayev çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.