21.11.2017
Şamaxıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib.
Konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyublar.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində baş tutan konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova "İslam Həmrəyliyi ili" çərçivəsində rayonda görülən işlərdən danışıb. G.Ələkbərova, eyni zamanda regional konfransın məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun məruzəsi dinlənilib. Müstəqilliyin Azərbaycana bəxş etdiyi dəyərlərdən birinin də etiqad azadlığı olduğunu deyən məruzəçi dini birləşdirici amil kimi dəyərləndirən Ulu Öndərin İslam dininə dövlət səviyyəsində qayğı göstərilməsinə, həmçinin, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə etiqad azadlığının verilməsinə nail olduğunu vurğulayıb. Bildirilib ki, dinimizi milli-mənəvi sərvətimiz adlandıran Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da bu yolun məntiqi davamıdır.
Bilik Fondunun baş məsləhətçisi Ceyhun Musaoğlu regional konfransın təşkilinə görə yerli icra hakimiyyəti orqanına təşəkkürünü bildirərək, “İslam Həmrəyliyi İli” çərçivəsində Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. C. Musaoğlu maarifləndirici layihələrdə Şamaxı ziyalılarının və gənclərinin fəallığını xüsusi qeyd edərək, konfransda Fondun nəzdində fəaliyyət göstərən Klub üzvlərinin iştirakını onların Şamaxının tarixinə, abidələrinə, yerli ədiblərin yaradıcılığına marağı kimi dəyərləndirib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, konfrans 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilib.