Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2016

Şamaxıda “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi uğurla icra olunur

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Radikal fikirlərin təbliğinə qarşı vəhdət prinsipinin əhəmiyyəti” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni, Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, dini icmanın sədri Ramil İsrayılov, Adnalı kənd tam orta məktəbinin direktoru Səxavət Nəbiyev, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslamın vəhdət və birlik prinsiplərindən, Azərbaycan məscidlərində vəhdət və birliyə çağırışlar üçün atılan müsbət addım və təşəbbüslərdən söhbət açıb.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin uğurla icra olunmasını xüsusilə vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni vəhdət anlayışı və onun İslam dinindəki yeri, eləcə də radikal fikirlərin təbliğinə qarşı vəhdət prinsipinin əhəmiyyəti haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə mövcud olan vəhdət mühiti “Heydər” məscidində qılınan “vəhdət namazı” ilə daha da möhkəmlənib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.