Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.10.2019

Şamaxıda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 21 və 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Çarhan və Adnalı kəndlərində “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Şamaxı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Çarhan, Adnalı, eləcə də ətraf kəndlərin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-treninqi giriş sözü açan Şamaxı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova ölkəmizdə son illərdə aparılan geniş maarifləndirmə işlərinin əhəmiyyətindən danışaraq bu cür tədbirlərin keçirilməsinin zamanın tələbi olduğunu xüsusi vurğulayıb.

DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadə dini radikalizmin ağır fəsadlarından söz açaraq bildirib ki, radikalizm və ekstremizmlə mübarizədə ənənəvi İslamın dayaqlarını gücləndirmək, gənclər arasında milli-mənəvi dəyərlərə bağlılıq elementlərini artırmaq, ən əsası isə təhsilə, maarifçiliyə ciddi önəm vermək olduqca vacib amillərdəndir.

QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev ənənəvi İslamın hər zaman radikalizmə qarşı olduğundan bəhs edərək ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin radikal ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olduğunu bildirib.

Tədbir müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.