Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.12.2016

Şamaxıda "Dini radikalizm və ekstremizmlə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şamaxı regional şöbəsinin birgə təşkilatçılığı ilə Şamaxı Dövlət Regional Kollecində " Dini radikalizm və ekstremizmlə mübarizə " mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin rəis müavini Faiq Əsgərov, əməkdaşı Aqil Oruclu, Şamaxı Dövlət Regional Kollecinin direktoru Anar Abbasov, eləcə də kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Dövlət Regional Kollecinin direktoru Anar Abbasov zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan ünsürlərə qoşulmamağa çağırıb.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlar, həyata keçirilən maarifləndirmə fəaliyyətindən danışaraq milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 
Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin rəis müavini Faiq Əsgərov dini radikalizm və ekstremizmin mahiyyəti, törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açıb.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.