27.02.2017
Şamaxı və İsmayıllıda Xocalı faciəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Fevralın 25-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi dini icmasının sədri Akif Hüseynov, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.
Çıxışlarda tarixin müxtəlif vaxtlarında xalqımıza qarşı həyata keçirilən erməni vəhşiliklərindən danışılıb. Bildirilib ki, Xocalı faciəsi də azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisəsidir və xalqımızın qan yaddaşı olan bu hadisə haqqında həqiqətlərin dünyaya çatdırılması, faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.
Sonda Azərbaycanın bütövlüyü uğrunda şəhid olan bacı və qardaşlarımızın ruhuna dualar oxunub.
***
Daha bir anım tədbiri isə İsmayıllı şəhər “Məhəmmədiyyə” məscidində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, İsmayıllı şəhər (2) məscidi dini icmasının sədri Qaya Xalıqov, “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, dini icma sədrləri və gənclər iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan İsmayıllı şəhər (2) məscidi dini icmasının sədri Qaya Xalıqov Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlərdən danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev Xocalı soyqırımının tək xalqımıza deyil, bütün insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu qeyd edib.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov xalqımıza qarşı törədilmiş faciənin, soyqırımının gənclərə çatdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, Diyallı kənd məscidi icmasının sədri Hikmət Əhmədov çıxış edərək faciə zamanı xalqımıza qarşı edilən qəddarlığın, vəhşiliyin heç bir insani dəyərlərə uyğun olmadığını qeyd ediblər.