16.02.2018
Salyanda “Şəhadət” sənədli filminin nümayişi olub
Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Salyan rayonu Qardılı kənd şəhid Cəsur Əliyev adına tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan rayonu Qardılı kənd şəhid Cəsur Əliyev adına tam orta məktəbinin direktoru Faiq Çobanov, Qardılı kənd bələdiyyəsinin sədri Pirverdi Cəfərov, Salyan Rayon İcra Hakimiyyəti başçısının Qardılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Rəhmanov, müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru Faiq Çobanov təhsil müəssisələrində belə maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib, tədbirin keçirilməsinə görə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov müasir dövrümüzdə baş verən proseslərdən, milli-mənəvi dəyərlərimizdən, dini ekstremizmdən və vətənpərvərlikdən bəhs edib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və filmlə bağlı müzakirələr aparılıb.
.jpg)