Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017

Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-treninq keçirilib

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Vüqar İmamquliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev,Salyan RİH başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Nəzirov, Xıdırlı kənd məscidi dini icmasının sədri Bulud Abdulrahmanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının nümayəndəsi Aqşin Babayev ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlar, həyata keçirilən maarifləndirmə fəaliyyətindən danışaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Dini fanatizmdən danışan Əliheydər Zülfüqarov bildirib ki, din pərdəsi altında bəzi radikal qruplar zorakılıqlar edir və bununla da İslamın adına xələl gətirirlər, bu isə dünyada İslamofobiyanın yaranmasına səbə olur. O, bəzi qüvvələrin dini radikal qrupları dəstəklədiyini və İslam coğrafiyasında stabilliyi pozmaq istədiklərini qeyd edib. Komitə rəmisi onların bu işdə sosial şəbəkələrdən bəhrələndiyini və gəncləri öz təsirləri altına almağa cəhd etdiklərini vurğulayıb.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.