Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.05.2017

Salyanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan seminar - müşavirə keçirilib

Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan şəhəri Heydər Əliyev Mərkəzində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.  
Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Baş Prokurorluğun nümayəndəsi Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, hüquq-mühafizə orqanlarının və DQİDK-nın yerli strukturunun əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov  məruzəsində dünyada gedən proseslərin, dini zəmində baş verən ixtilafların, radikalizm və ekstremizmin, islamofobiya meyillərinin müsəlman ölkələrinə dağıdıcı təsirləri barədə danışıb, bu kimi mənfi halların qarşısının alınması baxımından keçirilən regional seminar-müşavirənin əhəmiyyətini vurğulayıb. S.Hətəmov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
Dini ekstremizmin yaranma səbəbləri barədə məlumat verən Səyavuş Heydərov qeyd edib ki, heç bir din insanları qarşıdurmaya, müharibəyə, münaqişəyə cəlb etmir. Əksinə, bütün dinlər insanları sülhə, həmrəyliyə, birgəyaşayışa çağırır. Vurğulanıb ki, bu gün dünyada geopolitik maraqlar çox təhlükəli həddə gəlib çatıb. Bəşəriyyət böyük təhlükə ilə üzləşib. Bunu Yaxın Şərqdə baş verən hadisələr bir daha sübut edir. Bu vəziyyəti yaradan qüvvələr başa düşürlər ki, xaos yaratmaqla dünyada hökmranlığa sahib ola bilməyəcəklər.
S.Heydərov bildirib ki, dünyada din amilindən siyasi vasitə kimi istifadə olunur. Belə bir zamanda vətəndaşlara əsl həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.
Baş Prokurorluğun nümayəndəsi Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev çıxışlarında məzhəb qarşıdurması, dini ayrı-seçkilik, radikal dini cərəyanlara qarşı aparılan profilaktik və inzibati işlərdən danışaraq, son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər.
QMİ-nin bölgə qazısı Hüsni Həsənov  İslam dininin xurafatdan uzaq şəkildə təbliğ olunmasında maarifləndirmənin vacibliyindən danışaraq bölgədə son dövrlərdə dini sabitliyin mövcud olduğunu diqqətə çatdırıb.