Salyanda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirilib
31 martda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirilib. İlk öncə 31 mart soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Salyan rayon Təşkilatının sədri Rəşad Cəbrayılov qeyd etdi ki, 1918-ci ilin 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olub. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə, Salyan və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
Tədbirdə çıxış edən YAP Salyan rayon Təşkilatının sədrinin müavini, Salyan rayon Peşə Liseyinin direktoru Razıgül Dadaşova qeyd edib ki, azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov öz çıxışında bildirib ki, 1918-ci ilin mart qırğınlarında Azərbaycanlıların kütləvi surətdə qırğını, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı kimi beynəlxalq arenada qiymətləndirilməlidir.

