24.08.2017
Şabranda yeni maarifləndirmə layihəsinə start verilib
Avqustun 24-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının təşkilatçılığı ilə məsciddə “Milli-mənəvi və dini dəyərlərin qorunmasında birgəyaşayışın və həmrəyliyin rolu” adlı layihəyə start verilib və ilk tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov dövlət-din münasibətlərinə toxunaraq qeyd edib ki, ölkədə qorunub saxlanılan dini sabitliyin əsas qarantı bu sahədə son zamanlar aparılan maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsidir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan çoxmillətli və müxtəlif dinlərin bir arada, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biridir. Əsrlərboyu müxtəlif dilli və adət-ənənəli xalqların bir yerdə yaşamasına baxmayaraq hər kəs bir-biri ilə yaxşı münasibətdə olub və hazırda da bu münasibətlər yüksək səviyyədə qorunur. Natiq çıxışında Azərbaycan dövlətinin, o cümlədən ölkə rəhbərliyinin milli-mənəvi və ənənəvi dini dəyərlərin qorunması sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq ölkədə milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində saysız-hesabsız işlər görülür.
Dini icmanın sədri və layihə rəhbəri Şöhrət Babayev qeyd edib ki, bu gün Azərbaycan dindarı xürafata, mövhumata və bölücülüyə aldanmır, dini biliyindən istifadə edərək düzgün təbliğat aparır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.