Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.09.2016

Şabranda “Sülh aylığı” çərçivəsində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba regional mərkəzinin və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran şəhəri “Xıdır Zində” məscidində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev bildirib ki, İslam dininin təməlini sülh və qardaşlıq təşkil edir. Bu din yarandığı andan insana böyük dəyər verib, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. O, daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün görülən işlərdən söz açaraq, həyata keçirilən bu cür maarifləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardımçı olacağını söyləyib.
Daha sonra çıxış edən Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev “Sülh aylığı”nın yaranma tarixindən, onun əhəmiyyətindən bəhs edib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və dindarları maraqlandıran suallar  cavablandırılıb.
Tədbirin sonunda məscidə DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.