Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2017

Şabranda “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihənin icrasına başlanılıb

Oktyabrın 17-də Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihəsinin icrasına başlanılıb.
Bununla əlaqədar keçirilən tədbirdə DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin Kadrlar sektorunun müdiri Xalid Məmmədov, Komitənin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Zeyvə kənd tam orta məktəbinin direktoru Amid Quliyev, Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının sədri Şaib Aslanov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, son illər dini sahədə həyata keçirilən tədbirlərin müsbət mənada təsiri hiss olunmaqdadır.
Daha sonra çıxış edən DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin Kadrlar sektorunun müdiri Xalid Məmmədov qeyd edib ki, Azərbaycanda mövcud olan dini dözümlülük və bərabərlik dünyanın heç bir yerində yoxdur. X.Məmmədov bildirib ki, dünyanın ən aparıcı dövlətlərində belə dini zəmində qarşıdurmaların qarşısını almaq hazırkı dövr üçün olduqca çətindir. Lakin Azərbaycanda həyata keçirilən dövlət siyasəti və xalqımızın sülhpərvərliyi bu günə qədər dini zəmində neqativ halın baş verməsinə şərait yaratmayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək bilidirib ki, həmrəylik xalqımızın tarixi köklərinə söykənir.
Şabran rayonu Zeyvə kənd tam orta məktəbinin direktoru Amid Quliyev və digərləri çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.