24.10.2017
Şabranda dini maarifləndirmə tədbirləri davam etdirilir
Oktyabrın 24-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının təşkilatçılığı ilə Pirəmsən kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərin qorunmasında birgə yaşayışın və həmrəyliyin rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran RİH başçısının Gəndov İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Cavanşir Quliyev, Şabran rayonu Pirəmsən kənd tam orta məktəbinin direktoru Hətəmşah Məmmədov, Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev və kənd ictimaiyyəti iştirak ediblər.
Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, rayonda mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət təsirini göstərməklə yanaşı, tədbirlər vasitəsilə rayon gəncləri arasında ənənəvi İslamın mahiyyəti və əhəmiyyəti təbliğ olunur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək deyib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi prioritet sahələrdən olduğundan, Azərbaycan dövləti bu sahədə müxtəlif səpkili tədbirlər həyata keçirir. Dini sahədə atılan addımlar və icra olunan layihələrin məqsədi məhz dini biliklərin düzgün formada insanlara çatdırılması, məzhəbçilik, təriqətçilik kimi lazımsız düşüncələrin aradan götürülməsidir.
Şabran RİH başçısının Gəndov İƏD üzrə nümayəndəsi Cavanşir Quliyev bildirib ki, Azərbaycanın milli-mənəvi və dini dəyərləri əsrlərin sınaqlarından keçərək bu günümüzə qədər gəlib çatıb. Ölkəmizdəki həmrəylik və dinlərarası vəhdət dünyaya nümunədir.
Şabran rayonu Pirəmsən kənd tam orta məktəbinin direktoru Hətəmşah Məmmədov və digər mövzu ilə əlaqədar çıxış edərək öz fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.