04.10.2017
Şabranda dini maarifləndirmə tədbiri təşkil olunub
Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şabran rayonu Dağbilici kənd məscidi dini icması tərəfindən Gəndov kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərin qorunmasında birgəyaşayışın və həmrəyliyin rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran RİH başçısının Gəndov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavanşir Quliyev, Şabran rayonu Gəndov kənd tam orta məktəbinin direktoru Samirə Baladadaşova, Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, keçirilən maarifləndirmə tədbirləri dini bilgiləri zəif olan insanların, xüsusilə də yeniyetmə və gənclərin dini maarifləndirilməsinə müsbət təsirini göstərir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bilidirib ki, ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması ölkə başçısının Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərləri dünyaya təbliğ etdiyini və dövlətin dinə qayğısını göstərir.
Şabran RİH başçısının Gəndov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavanşir Quliyev vurğulayıb ki, dini maarifləndirmə tədbirlərinin sayəsində dini radikalizmə meyillənmə halları azalıb. Bildirib ki, hazırda hər bir vətəndaş anlayır ki, radikalizm dağıdıcılıq, müharibə və fəlakətdən başqa heç nə vəd etmir.
Gəndov kənd tam orta məktəbinin direktoru Samirə Baladadaşova çıxışında müəllimlərin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsində vacib rol oynadığını qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.