Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2017

Şabranda dini maarifləndirmə tədbiri təşkil olunub

Mayın 23-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şabran rayon Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vələsli kənd məktəbində “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol” layihəsi çərçivəsində “Azərbaycanda ənənəvi İslamın əsas xüsusiyyətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov çıxışında dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib və ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, dünyadakı müsəlman ölkələrinə verilən önəmli həmrəylik mesajıdır.
Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov qeyd edib ki, dini icmalara göstərilən qayğı onların dövlətə olan inamını daha da möhkəmləndirir. O, həmçinin bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünya dövlətləri üçün nümunə rolunu oynayır.
Sonda dindarları maraqlandıran suallar cavablandırılıb.