02.11.2017
Şabranda dini maarifləndirmə tədbiri keçirilib
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şabran rayonu Dağbilici kənd məscidi dini icması tərəfindən Şabran şəhəri 1 saylı tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərin qorunmasında birgəyaşayışın və həmrəyliyin rolu” adlı layihə çərçivəsində yekun tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran şəhəri 1 saylı tam orta məktəbinin direktoru Fikrət Şamxalov, Şabran şəhəri “Xıdır Zində” məscidinin imamı Rahib Mövsümov, Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev və məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, 2017-ci il ərzində rayonun bir çox kəndlərində və rayon mərkəzində dini məsələlərin müzakirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərdən bütün yaş təbəqələrindən olan insanlar bəhrələniblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, birgəyaşayış Azərbaycan xalqının tarixi köklərə söykənən yaşam formasıdır. Az sayda xalqa məxsus olan bu yaşam tərzi bəzi qüvvələrin qısqanclıq predmetinə çevirilib. Elə bu baxımdan da ölkəmizdə qarışıqlıq yaratmağa cəhd hallarına təsadüf edilir. Amma Azərbaycan dövləti güclüdür, sarsılmazdır. Azərbaycanın öz tarixi köklərinə və milli-mənəvi dəyərlərinə hörmət hissi ilə yanaşmağı, onu gələcək nəsillərə ötürməyi bacaran dövlət başçısı vardır.
Şabran şəhəri 1 saylı tam orta məktəbinin direktoru Fikrət Şamxalov, məktəbin tarix müəllimi Rəna Məmmədova və çıxış edən digər natiqlər Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə olduğu kimi ötürülməsi sahəsində həyata keçirdiyi məqsədyönlü işin effektivliyindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.