06.06.2017
Şabranda “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol” mövzusunda tədbir keçirilib
İyunun 6-da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol” mövzusunda layihəsi maliyyələşdirilmiş Şabran rayon Vələsli kənd məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirib.
Şabran şəhəri 3 saylı tam orta məktəbində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şabran Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elnur Şahmərdanov dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib və ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu dünyaya sülh və həmrəylik mesajıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev məruzə ilə çıxış edərək Azərbaycanın tarixən milli və dini baxımdan tolerant ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsrlərboyu müxtəlif millətlərin və dinlərin nümayəndələri bu torpaqlarda azad yaşayıblar. Birlik, həmrəylik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu diqqətə çatdıran natiq ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mənəvi dəyərlərin formalaşdığını qeyd edib.
Dini icmalara dövlət tərəfindən göstərilən qayğı haqqında danışan Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünya dövlətləri üçün nümunə rolunu oynayır.
Sonda dindarları maraqlandıran suallar cavablandırılıb.