Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2017

Şabran şəhərində maarifləndirmə tədbiri keçirilib

Dekabrın 19-da Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Şabran şəhəri 4 saylı tam orta məktəbində “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihənin növbəti tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran şəhər 4 saylı tam orta məktəbin direktoru Cəfərov Elnur, Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, rayonumuzda DQİDK-nın dəstəyi ilə keçirilən dini maarifləndirmə tədbirləri hər kəsin dini doğru və düzgün yöndən anlamasına kömək olur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan dövlətinin həmrəylik siyasəti İslam ölkələri arasında sülhün, qarşılıqlı anlaşmanın və birliyin qorunmasına xidmət edir. Məhz buna görə də bu siyasəti digər İslam ölkələri tərəfindən müsbət qarşılanır.
Daha sonra DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, İslam dini insanları birliyə, sülhə və həmrəyliyə çağırır. Xüsusilə son illər İslam ölkələrinin birliyə və həmrəyliyə daha çox ehtiyacı var. Bu cəhətdən Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, il çərçivəsində İslam ölkələrinin birliyinə xidmət edən bir sıra tədbirlərin, o cümlədən, beynəlxalq tədbirlərin həyata keçirilməsi heç də təsadüfi deyil. 
Şabran şəhər 4 saylı tam orta məktəbin direktoru Elnur Cəfərov çıxışında dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, məhz dini maarifləndirmə işini gücləndirmək sayəsində xüsusilə gənclər dini doğru və düzgün anlayacaq, radikal hərəkətlərdən uzaq olacaqlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib.