Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.10.2016

Şabran şəhərində dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran şəhəri Heydər Əliyev Mərkəzində “Tolerantlıq və dini radikalizmlə mübarizə” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşı Fariz Nağıyev, QMİ-nin bölgə üzrə səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin ölkədə “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq, Tədbirlər Planına əsasən il boyu çoxlu sayda tədbirlər həyata keçirilib, hazırda da bu sahədə işlər davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev öz məruzəsində dövlət – din münasibətlərinə toxunaraq vurğulayıb ki, Azərbaycan dövləti dindarların ibadət etmələri üçün hər cür şərait yaradır, yeni məscidlər tikir, sinaqoq və kilsələri bərpa edərək onların ixtiyarına verir. O, daha sonra qeyd edib ki, Azərbaycanda dini radikalizmə meyillənmə halları son dövrlərdə kəskin azalıb. 
Dövlət Təhlükəsizliyi Xidmətinın Şabran rayon şöbəsinin əməkdaşı Fariz Nağıyev öz çıxışında dövlətin dini terrorizmlə və ekstremizmlə mübarizə sahəsində həyata keçirdiyi qanunamüvafiq tədbirlərdən danışıb. 
QMİ-nin bölgə üzrə səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev çıxış edərək bilidirib ki, Şabran rayonunun dindarları Azərbaycan dövlətinin və dövlət başçısının apardığı məqsədyönlü siyasəti daim dəstəkləyir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.