Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.02.2017

Sabirabadda “Torpaq əgər uğrunda ölən varsa vətəndir və İslamda şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib

Fevralın 25-də Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” kənd məscidi  dini icması tərəfindən  “Milli-mənəvi dəyərlərimiz və  müasirlik” layihəsi çərçivəsində “Torpaq əgər uğrunda ölən varsa vətəndir və İslamda şəhidlik zirvəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon  Əsgərbəyli kəndi “İmam Əli” kənd məscidi dini icmasının sədri Zakir Əliyev, kənd bələdiyyəsinin sədri Cəmil Məmmədov, Əsgərbəyli kənd Murad Hüseynov adına tam orta məktəbin müəllimləri, ziyalılar, kənd ağsaqqalları və gənclər  iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Daha sonra  tədbiri giriş sözü ilə açan Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” kənd məscidi  dini icmasının sədri Zakir Əliyev müqəddəs dinimizdə Vətən, torpaq sevgisi, o cümlədən şəhidlik zirvəsi haqqında geniş məruzə edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında Xocalı faciəsi barədə məlumat verərək tariximizin ən qanlı hadisələrindən biri  olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza  qarşı törədilmiş bu cinayət hadisəsi zamanı dinc, əliyalın əhalinin xüsusi  qəddarlıqla  qətlə yetirildiyini, əsir  götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz  qaldıqlarını  qeyd  edib.
Daha sonra çıxışçılar xalqımızın başına açılan müsibətlərin, yaşanan faciələrin gələcəyimiz olan gənclərə çatdırılması baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.