Sabirabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sabirabad şəhər “Heydər” məscidi dini icmasında “Sülh aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər “Heydər” məscidinin imam müavini Yusif Bağırov, rayonun dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov açaraq 21 Sentyabr “Beynəlxalq Sülh Günü” haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hazırda isə onun sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli qeyd edib ki, tarix boyu ölkəmizdə bütün xalqları və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.