07.11.2016
Sabirabadda “Radikal dini cərəyanlar və onlara qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirilib
Noyabrın 7-də Sabirabad rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanlar və onlara qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Ələkbər Quliyev və Elvin İbrahimov, Dövlət Təhlukəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin müdir müavini Xaliq Hüseynov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu mərkəzi “Heydər” məscidinin axundu, icma sədrləri, rayonun ictimaiyyət nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov radikal dini cərəyanlara qarşı birgə mübarizə aparmağın yollarından danışıb. Qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyevin dini sahədə apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikamızda sabitlik, əmin-amanlıq qorunub saxlanılır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev çıxış edərək dini radikalizmə və ifrata qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatdırıb, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanmasının radikalizmin qarşısını alan ən güclü vasitə olduğunu bildirib.
Dövlət Təhlukəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin müdir müavini Xaliq Hüseynov öz məruzəsində bu gün dünyada baş verən proseslər kontekstində bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmağa çalışdığını bildirib və bu sahədə hamıya diqqətli olmağı tövsiyə edib. Xaliq Hüseynov belə bir şəraitdə dini maarifləndirmə işinin gücləndirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.