13.10.2017
Sabirabadda maarifləndirmə tədbirləri davam etdirilir
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” layihəsi çərçivəsində “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Qaratəpə kənd məscidi dini icmasının sədri Cahangir Məhəmmədiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Cahangir Məhəmmədiyev İslam dinində birlik, bərabərlik və həmrəylik prinsiplərindən, Azərbaycanda əsrlərdən bəri mövcud olan və bu gün də öz varlığını qoruyan multikultural və tolerant dəyərlərdən, ölkəmizin dinlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən söhbət açıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov mövcud dini durum, dövlət-din münasibətləri, eləcə də dövlətin dinə qayğısından bəhs edib. O, ölkəmizdə məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəraitdə yaşadığını, İslam dininin tolerant din olduğunu və insanları vəhdətə və birliyə çağırdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sabirabad rayonu Qaratəpə kənd bələdiyyəsinin üzvü Kibar Nazifov isə tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu deyib. O, müxtəlif xalqlar, etnik qruplar arasında olan mehribanlıq, qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.