26.01.2017
Sabirabadda “İslam sülh və həmrəylik dinidir” mövzusunda maarifləndirmə tədbiri baş tutub
Yanvarın 26-da Sabirabad rayon Zəngənə kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib. “İslam sülh və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon Zəngənə kənd məscidi dini icmasının sədri Çingiz Abuzərov, Sabirabad rayon Zəngənə kənd tam orta məktəbin direktoru Eyvaz Gözəlov, dini icma üzvləri, kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Zəngənə kənd məscidi dini icmasının sədri Çingiz Abuzərov İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqında geniş məlumat verib. Bildirib ki, tarixən tolerantlıq ənənələri mövcud olan ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri sülh və dini əmin-amanlıq şəraitində yaşayıblar.
Daha sonra tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsinin humanist və sülhsevər bir təşəbbüs olmaqla, ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu bildirib. Şöbə müdiri qeyd edib ki, bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Sabirabad rayon Zəngənə kənd tam orta məktəbin direktoru Eyvaz Gözəlov çıxışında gənclərin xüsusən də məktəblilərin zərərli vərdişlərdən qorunmasında belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçılarına DQİDK-nın razılığı ilə çap olunmuş dini ədəbiyyat paylanılıb.