Sabirabadda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
21-22 fevral tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
İkigünlük seminar-müşavirədə rayon İH başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, cəmiyyətin, xüsusilə gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir. Natiq, eyni zamanda, məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən də danışıb.
Dövlət-din münasibətlərindən bəhs edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin din siyasətinin prioritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib. O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə ölkəmizin multikultural mühitinin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.
DQİDK sədrinin birinci müavini onu da deyib ki, Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. O, cəmiyyətimizin bu gün də tolerantlıq prinsiplərinə, multikultural ənənələrə sadiq qaldığını diqqətə çatdırıb. S.Salahlı ölkəmizdə dünyəvi dəyərlərə, bəşəri ideallara, eləcə də başqa dini dəyərlərə hörmət göstərildiyini deyib.
DQİDK-nın Dini maaarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Sabirabad şəhər Heydər məscidi dini icmasının sədri Məhəmməd Əliyev dini radikal qrupların gənclər arasında təbliğat metodlarından danışıblar. Vurğulanıb ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin böyük rolu var.
İkigünlük seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarının sualları cavablandırılıb.