Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə Məhərrəmlik (Aşura) mərasimləri ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov Məhərrəm ayının başlanması və Aşura günü ilə əlaqədar QMİ-nin Qazılar Şurasının fətva verdiyini bildirərək Məhərrəmlik mərasimləri zamanı fətvanın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov və Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov dövlət-din münasibətləri haqqında məlumat verərək Məhərrəmlik mərasimləri ilə bağlı keçirilən tədbirlərdə “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə və ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

