Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.03.2018

Saatlıda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti (RİH) və Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı və Sabirabad rayonları üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı və Sabirabad rayonları üzrə  şöbəsinin rəis müavini Xaliq Hüseynov, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Vadər Mirzəxanlı, dini icma sədrləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı RİH-in əməkdaşı Azər Həsənov açaraq dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında danışıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dini radikalizm və onun fəsadları, cəmiyyətə vurduğu zərbələrin acı nəticələri, habelə dini radikalizmə və ekstremizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı və Sabirabad rayonları üzrə şöbəsinin rəis müavini Xaliq Hüseynov terrorçuluğun forma və mahiyyəti haqqında söhbət açıb. O qeyd edib ki, dünyada baş verən qloballaşma şəraitində terror bütün bəşəriyyət üçün təhlükəyə çevrilib və müasir zamanda terrorçuluğun və dini ekstremizmin əsas hədəfləri ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, suveren dövlətlərin ərazilərini qəsb etməyə yönəlib. Bunun qarşısının alınması üçün din xadimlərinin və dindarların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Çıxış edən QMİ-nin bölgə qazısı Vadər Mirzəxanlı və dini icma sədri İsmayıl Calalov bildiriblər ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.