23.12.2016
Saatlıda “İslam sülh və həmrəylik dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Varxankənd “Cümə” məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “İslam sülh və həmrəylik dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, Komitənin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin məsləhətçisi Elvin İbrahimov, Saatlı rayonu Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov, icma üzvləri, kənd ağsaqqları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə dini icmanın sədri Yadigar Aslanov açaraq, İslamın sülh və vəhdət dini olduğunu, müqəddəs kitabımızın dünyanı barışığa çağırdığını, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu vurğulayıb.
Daha sonra DQİDK-nın Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev öz çıxışında dindarların maarifləndirilməsi işinin və İslam dininin bəşəriyyətə səslədiyi birlik və bərabərliyin təbliğ olunmasının vacibliyini vurğulayıb.O, ölkə rəhbərliyinin dini icmalara qayğı və diqqətlə yanaşmasının dövlət və din siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyib.
Komitənin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış edərək qeyd edib ki, İslam dininin təməlini sülh və qardaşlıq təşkil edir. Bu din yarandığı andan insana böyük dəyər verib, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən keçirilib.