Saatlıda “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib
Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayon Mərkəzi Kitabxanasında “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalət oğlu, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəriman Ağayev, Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyininin baş məsləhətçisi Şərqiyyə Şahpələngova, Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Mehdi Mehdizadə açaraq ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verib.
Saatlı rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Qorxmaz Mirzəyev çıxış edərək, narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib.
Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəriman Ağayev erkən nikahın bu gün aktual məsələ olduğunu vurğulayıb.
Sabirabad regional Mədəniyyət və turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyininin baş məsləhətçisi Şərqiyyə Şahpələngova və Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov öz çıxışlarında bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən və zərərli vərdişlərdən qorunmasında mühüm əhəmiyyəti olduğunu qeyd ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Bəhrəm Ədalət oğlu “Şəhadət” sənədli filmi haqqında geniş məlumat verib. O, qeyd edib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarımızla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.
