Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib
İyulun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayon Qarayevkənd kənd məscidi dini icmasında “Dini radikalizmə qarşı mübarizə yolları və milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov dini radikalizmin qarşısının alınmasında ən mühüm addımlardan birinin maarifləndirmə olduğunu qeyd edib. O, gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyindən danışıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, multikulturalizm və tolerantlıq, dini radikalizmin mahiyyətindən bəhs edərək, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda tədbir iştirakçılarını maraqlanıran suallar cavablandırılıb.

