30.11.2016
Rusiyada “Pravoslav mədəniyyəti” fənninin kütləvi şəkildə tədrisinin genişləndirilməsi imkanları müzakirə edilir
Rusiya Federasiyasında Rusiya Elm və Təhsil Nazirliyi (RETN) və Rus Pravoslav Kilsəsində (RPK) orta məktəblərdə bütün tədris ilində 1-11-ci siniflərdə “Pravoslav mədəniyyəti” fənninin kütləvi şəkildə tədrisinin genişləndirilməsi imkanları məsələsi müzakirə edilir. Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Qeyd edək ki, yay aylarında layihənin ilk kursu mütəxəssislər tərəfindən mənfi qiymətləndirilib. Lakin ötən həftə müəlliflər buna düzəlişlər edib və Rusiya Təhsil Akademiyası layihəni (ictimailəşdirmədən) Federal elmi-metodiki birliyində qiyabi səsvermə prosesinə çıxarıb ki, səsvermə bu gün yekunlaşacaq.
Hazırda 4-cü sinifdə “Dinlərin mədəniyyəti və dünyəvi etikanın əsasları” kursu tədris edilir ki, burada da valideynlər dünyəvi etika, dünya dinlərinin mədəniyyətləri, Pravoslavlıq, İslam, Buddizm və ya Yəhudilik mövzularından birini seçirlər.
Məlumat üçün bildirək ki, 2015-ci ilin 1 sentyabr tarixindən etibarən Rusiya Elm və Təhsil Nazirliyi məcburi proqramın predmet hissəsinə “Rusiya xalqları mədəniyyətlərinin mənəvi-əxlaqi əsasları” adlı fənni “Dinlərin mədəniyyəti və dünyəvi etikanın əsasları” fənninin davamı kimi daxil edib.
Əvvəlcə “Dinlərin mədəniyyəti və dünyəvi etikanın əsasları” fənninin iki ilə bölünməsi təqdirində “Rusiya xalqlarının mədəniyyətlərinin mənəvi-əxlaqi əsasları” fənninin də orta məktəblərdə sərbəst keçilə biləcəyi müzakirə edilmişdi. “Pravoslav mədəniyyəti” adlı kursun müəlliflərinin fikrincə, 9-cu sinif məzunları 7 Ümumdünya kilsə məclislərinin adları və onlarda qəbul edilmiş qərarları bilməli, təqvimlərə bələd olmalı, Pravoslavlığın on iki əsas bayramından hər birini sadalamalı, keçici və keçici olmayan bayramları, kilsə zənglərinin növlərini sadalamalı və təsvir etməlidirlər.
Müəlliflər kursun nəticəsi olaraq pravoslav mənəvi-əxlaqi ənənəsinə uyğun dünyagörüşünün formalaşması və həyat nemətlərinin istehlakında şüurlu qənaətə hazırlıq kimi hesab edir.
Moskva və bütün Rusiya Patriarxı Kiril 2015-ci ilin fevralında bildirib ki, Rusiya Pravoslav Kilsəsi “Dinlərin mədəniyyəti və dünyəvi etikanın əsasları” kursunun genişləndirilməsini Rusiya Elm və Təhsil Nazirliyinə tövsiyə edib. Onun fikrincə hazırda ayrılmış 34 saat kifayət etmədiyi üçün kursun məktəblərdə bütöv tədris ilində keçirilməsi zəruridir.