02.03.2016
Regionlarda radikalizmlə mübarizə məsələləri müzakirə olunub
Martın 2-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “’Ənənəvi dindarlıq və milli-mənəvi dəyərlərimiz” adlı tədbir təşkil edilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icma sədri Akif Hüseynov, II Cabanı kənd məscidinin imamı Abdurəhmanov Ziya, Şamaxı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Şamaxı şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəbin direktoru Xasay İsayev, müəllim kollektivi və şagirdləri iştirak ediblər. Çıxış edənlər milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olması haqqında geniş məlumat verilib.
***
Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində martın 2-də rayonun Mahamalar kənd məscidində “Dini radikalizm milli-dini adət-ənənələrimizə qarşı yönəlmişdir” mövzusunda tədbir keçirilib.Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Fariz Nəcəfov, Mahamalar kənd İnzibati Ərazi Nümayəndəsi Abdulla Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, din xadimləri, gənclər, dindarlar iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər , milli-mənəvi dəyərlərimizdən ,dini radikalizmin fəsadlarından, ağır nəticələrindən bəhs ediblər.
***
Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhəri Cümə məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihəsinə start verilib.Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dindarlar,dini icma üzvləri, ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən məscidin axundu Rauf Sərdarov belə layihələrin həyata keçirilməsi istiqamətində dövlət dəstəyini dövlət başçısı İlham Əliyevin dini,milli- mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin təzahürü olduğunu qeyd edib. Şöbənin əməkdaşı Ülvi Məmmədov çıxış edərək milli-mənəvi dəyərlərimizin formalaşmasında ictimai - fəlsəfi fikir tariximizin mühüm rolundan ,zərərli radikal dini cərəyanlara qarşı effektiv mübarizə yollarından danışıb. Tədbirdə iştirak edən dini icma üzvləri, xanımlar və ziyalılar da mövzu ətrafında fikirlərini, düşüncələrini bölüşüblər.
Qeyd edək ki, layihələr Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
