Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə sentyabrın 8-də Yevlax şəhərində dini icma sədrlərinin və dindarların iştirakı ilə “Beynəlxalq Sülh aylığı” çərçivəsində “İslamda sülh və tolerantlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin Yevlax rayonu üzrə səlahiyyətli nümayəndəsi və şəhər “Cümə” məscidinin axundu Hacı Namiq Əliyev, Yevlax şəhər Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov, Yevlax şəhər Əkşəm kənd məscidi dini icmanın sədri Ehsan Əhmədov və dindarlar iştirak ediblər.
Tədbiri QMİ-nin Yevlax rayonu üzrə səlahiyyətli nümayəndəsi və şəhər “Cümə” məscidinin axundu Hacı Namiq Əliyev giriş nitqi ilə açaraq bildirib ki, həyata keçirilən maarifləndirmə xarakterli bu tədbirlərin hər biri İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına və vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olur.
Daha sonra DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev çıxış edərək, Ombudsmanın fəaliyyətindən, daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sülh şəraitinin bərqərar olunması ilə bağlı görülmüş işlərdən söz açıb. Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi “Beynəlxalq sülh aylığı” çərçivəsində Şəki şəhərində tədbir keçirib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Gündüz Paşayev, şöbənin aparıcı məsləhətçisi Elvin Qarayev, Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov,dini icma sədrləri, imamlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Gündüz Paşayev 21 sentyabr “Beynəlxalq sülh günü” haqqında məlumat verib. Gündüz Paşayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atəşkəsə nail olunub. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində çalışır.
Şəki bölgəsi üzrə şöbənin əməkdaşı Elvin Qarayev və Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov mövzuyla bağlı öz fikirlərini bildiriblər.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə Göyçay şəhər “Mərkəz” məscidində dini icma sədrlərinin və dindarların iştirakı ilə “Beynəlxalq Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi və “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rasul Kazımov, Göyçay şəhər “Mərkəz” məscidinin imamı Cavid Səfərov və dini icmanın sədri Müşviq Əsgərov iştirak ediblər.
Tədbiri “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov giriş sözü ilə açaraq bildirib ki, həyata keçirilən maarifləndirmə xarakterli bu və buna bənzər tədbirlərin hər biri dindarlar tərəfindən böyük məmnuniyyətlə qarşılanmaqla yanaşı onların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə də səbəb olmaqdadır.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov mövzu ilə bağlı çıxışında İslamın sülh və sevgi dini olmasından, gərəksiz düşmənçiliyə və işğalçılıq siyasətinə qarşı olmasından söz açaraq Azərbaycan Respublikasının etnik-dini müxtəlifliyə milli sərvət kimi yanaşmaqla dünyaya tolerantlıq nümunəsi aşıladığını diqqətə çatdırıb.