“Ramazan bayramı - birlik və bərabərlik bayramı” mövzusunda videokonfrans baş tutub
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Zərdab Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ramazan bayramı - birlik və bərabərlik bayramı” adlı videokonfrans keçirilib.
Videokonfransda çxışlar zamanı qeyd edilib ki, Ramazan bayramının xalqımızın həyatında ayrıca bir yeri var. Bu ayda müsəlmanlar mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani Kərim”in nazil olunduğu bu ay insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Artıq müqəddəs Ramazan ayı başa çatmaq üzrədir. Bu yaxın günlərdə bütün İslam dünyası, eləcə də İslam dünyasının ayrılmaz tərkib hissəsi olan ölkəmiz də koronavirus pandemiyası ilə əlaqədar olaraq, xüsusi karantin rejimi qaydalarına əməl edilməklə Ramazan bayramını qeyd edəcək.
Videokonfransda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


