Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.04.2021

Ramazan ayının başlanması ilə bağlı onlayn videokonfrans keçirilib

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı,  Saatlı,  Sabirabad,  İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri,  din xadimlərinin  iştirakı ilə  Ramazan ayının başlanması ilə bağlı onlayn  videokonfrans  keçirilib.

Tədbirdə  DQİDK-nın İmişli bölgəsi üzrə  şöbəsinin müdiri Cavanşir  Bəhrəmov, şöbənin əməkdaşı  Bəhrəm Ədalətoğlu, Saatlı  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad,  Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.  

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir  Bəhrəmov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyini qeyd edib. Şöbə müdiri Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdıraraq, dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tapşırıq və tövsiyələr verib.

QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxış edərək, Ramazan ayı ilə əlaqədar tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyini qeyd edib.

Daha sonra  çıxış edən natiqlər  koronavirus (COVİD 19)  infeksiyasına qarşı mübarizədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara, DQİDK və QMİ rəhbərliyinin bu sahədə verdiyi tapşırıq və tövsiyələrə ciddi əməl olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.