Ramazan ayının ilk cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, ölkənin dini icmaların fəallarından ibarət heyət Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.
Ramazan ayı münasibəti ilə təşkil edilən ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Dövlət Komitəsinin məsul əməkdaşları, həmçinin aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar iştirak etmişlər. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilmiş, məzarlarıı önünə əklil və tər gül dəstələri qoyulmuşdur.
Daha sonra Dövlət Komitəsinin nümayəndələri və dini icma rəhbərləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, dualar etmişlər.
Xatırladaq ki, analoji tədbir ötəl il ramazan ayında da qeyd edilmişdir.
Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər planı çərçivəsində tədbirlər planı çərçivəsində icmalar üçün sosial fəaliyyətə dəstək layihəsinin təqdimatı həyata keçiriləcək və icmaların müraciətləri qəbul olunacaqdır. Layihə Dövlət Komitəsi tərəfindən dini icmalar üçün veriləcək iftar süfrəsi zamanı elan ediləcəkdir.
Ramazan ayı boyunca yarana biləcək mümkün problemlərlə bağlı qaynar xətt fəaliyyət göstərəcəkdir.
Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulmuşdur.
DQİDK-nın mətbuat xidməti