Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2016

Ramana qəsəbəsində «Dini radikalizm və ekstremizmlə mübarizə» adlı tədbir keçirilib

Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi, dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə müxtəlif silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 22-də Ramana qəsəbəsində “Dini radikalizm və ekstremizmlə mübarizə” adlı növbəti tədbir keçirilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, müdir müavini Gülbəniz Babayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları Fatma Qılıncxanova, Əlisahib Şirinov, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Şuşa rayon Polis şöbəsinin sahə inspektoru, polkovnik-leytenant Məhərrəm Hüseynov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının Malıbəyli kənd ərazi icra nümayəndəsi Müzəffər Babayev, rayonun müəllim və şagird heyəti iştirak ediblər.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O  bildirib ki, bu gün xalqımızın zəngin tolerantlıq  ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “Dini radikalizm və ekstremizmlə mübarizə” adlı məruzə ilə çıxış edərək, müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqların bərpa olunması, milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması, İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların  təmiri, bərpası ilə bağlı dövlət başçısı tərəfindən imzalanan bir sıra sərəncamların əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev öz çıxışında Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, Komitənin çəkdirdiyi «Fitnə» sənədli filmində dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlar, həyata keçirilən maarifləndirmə fəaliyyətindən danışaraq, bu günkü həyat tərzində mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Tədbirdə çıxış edən Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Polis şöbəsinin sahə inspektoru, polkovnik-leytenant Məhərrəm Hüseynov, Şuşa rayon İcra Hakimiyyəti başçısının Malıbəyli kənd ərazi icra nümayəndəsi Müzəffər Babayev Azərbaycanda dini radikalizmi yaradan səbəblər, onunla mübarizənin üsulları, bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin həyatında mühüm əhəmiyyət daşıdığını bir daha qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.