14.12.2017
“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə DQİDK-nın, Nizami Rayon İcra Hakimiyyətinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami, Xətai, Binəqədi rayonlarının yerli strukturlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında 2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu addım bütün İslam aləminə sülh, həmrəylik və vəhdət mesajıdır. O, keçirilən tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, seminar-müşavirə gənclərin maarifləndirilməsi baxımından önəmlidir.
DQİDK sədrinin müavini Səyavuş Heydərov dünyada, xüsusilə Yaxın Şərqdə dini və etnik zəmində münaqişələrin cərəyan etdiyini və bu münaqişələrin bəzi ölkələr tərəfindən öz geosiyasi və iqtisadi mənafelərinin təmin edilməsi üçün məqsədli şəkildə yaradıldığını bildirib. O qeyd edib ki, İslam dininin yayılmasından narahat olan bu qüvvələr onu siyasiləşdirməyə, terrorla eyniləşdirməyə cəhd edirlər. “Lakin İslam sülh dinidir və terrorla heç bir əlaqəsi yoxdur”, - deyə sədr müavini vurğulayıb. Natiq diqqətə çatdırıb ki, bəzi xarici mərkəzlər tərəfindən yad dini ideologiyaların ölkəmizə ixracına cəhdlər var. Bununla əlaqədar radikalizm və ekstremizmə qarşı mübarizədə bütün vətəndaşlar fəal olmalıdırlar.
“Şəhadət” sənədli filminin əhəmiyyətindən danışan S.Heydərov qeyd edib ki, sənədli filmdə ötən ilin aprel döyüşlərində ordumuzun nümayiş etdirdiyi rəşadət, həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilər haqqında ətraflı məlumat verilir. Filmdə, həmçinin, dini radikalizmin qurbanı olmuş insanların cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu göstərilir, onların nəinki cəmiyyət, öz ailə üzvləri tərəfindən qəbul edilmədiyi diqqətə çatdırılır.
Ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu deyən natiq bununla Prezident İlham Əliyevin uzaqgörən və strateji addım atdığını bildirib. Qeyd edib ki, bu təşəbbüs İslam aləminə həmrəylik və birlik çağırışıdır, eləcə də Azərbaycan nəinki enerji təhlükəsizliyi, həm də qlobal təhlükəsizlik probleminin həllinə böyük töhfə verir. Bildirilib ki, İraq və Suriyada terrorçu qruplara qarşı vahid mübarizədə İslam həmrəyliyinin rolu böyükdür. Eyni zamanda, ölkəmizdəki sabitlik, sülh, həmrəylik, o cümlədən qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətindəki dövlətin fəaliyyəti Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir.
Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov dini radikalizm və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları haqqında danışıb. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu deyən R.Məmmədov, dini radikalizm və ekstremizmə qarşı mübarizənin prinsipləri və məqsədləri haqqında da məlumat verib.
Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizədə daxili işlər orqanlarının fəaliyyətindən bəhs edib. Nazirliyin müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən danışan natiq dini radikal və ekstremist qrupların fəaliyyətinin ictimai təhlükəsizliyə təhdid olduğunu və ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.
Seminar-müşavirə müzakirələrlə davam etdirilib.