"Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda videokonfrans formatında tədbir keçirilib
Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş rayon Gənclər və İdman idarəsinin və YAP Ağdaş rayon təşkilatının əməkdaşları, icma sədrləri, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şöbənin əməkdaşı Asif Ədilov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi mütləqdir. Daha sonra o qeyd edib ki, cəmiyyətin davamlı şəkildə inkişafının təmin olunması, təhsil və maarifləndirmənin, habelə bu istiqamətdə aparılan tədqiqatların tətbiq mexanizmi ilə bilavasitə əlaqədardır.
Daha sonra çıxış edən Ağdaş rayon Gənclər və İdman idarəsinin rəis müavini Samir İsrəfilov Azərbaycan vətəndaşlarının həyatında milli və mənəvi dəyərlərimizin önəmindən bəhs edib. Natiq Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini, din sahəsinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Tədbirdə çıxış edən Ağdaş şəhər Üçqovaq məscidi dini icmasının sədri Şahin Rəhimli qeyd edib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır. Daha sonra bildirib ki, bu sahədə doğru dini təhsilin əhəmiyyəti hər zaman labüd və qaçınılmazdır.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Gənlər Birliyinin sədri Teymur Əmirli çıxışında dünyanın bir çox ölkəsinə nümunə olan Azərbaycan multikulturalizmindən və tolerantlığından danışıb, ölkəmizin dünyada sülh platformasına çevriləcək mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məkanına çevrildiyini qeyd edib.
Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov isə çıxışında qeyd edib ki, dini radikalizm İslam dininin təbliğ etdiyi dəyərlərlə ziddiyət təşkil edir. O qeyd edib ki, biz birlikdə əl-ələ verərək gənclərin maariflənməsində daha çox nailiyyət əldə edə bilərik.
Tədbirdə həmçinin milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, vətən sevgisi və dinimizin vətən sevgisinə verdiyi dəyərlərdən bəhs olunub.
Çıxışlardan sonra konfrans iştirakçılarının fikirləri dinlənilib və konfrans qarşılıqlı müzakirələrlə davam edib.



