“Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda onlayn seminar keçirilib
Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Şamaxı rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Şamaxı rayon Gİİ-nin rəisi Şahmar Hüseynov və idarənin əməkdaşları, Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, rayonun ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, gənclər təşkilatlarının nümayəndələri, gənc müəllimlər və fəal gənclər iştirak edib.
Çıxışlarda radikalizmin yaranma, yayılma və inkişaf səbəbləri, onunla mübarizə metodları, radikalizmdən qorunma üsulları haqqında məlumat verilib, radikalizm və ekstermizmin təzahürlərini aradan qaldırması üçün insanlar arasında sülh, tolerantlığın təbliğ edilməsi, gənclərin düzgün dini bilgilərə yiyələnmələrinin və elmə, təhsilə xüsusi diqqət ayırmalarının vacibliyi vurğulanıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.