29.08.2017
Qusarda yeni maarifləndirmə layihəsinə start verilib
Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması tərəfindən “Azərbaycanda İslam həmrəyliyi: milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycanda mövcud olan İslam həmrəyliyi tarixi köklərə söykəndiyindən günümüzə gəlib çatana qədər artıq milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevirilib. O qeyd edib ki, İslamın gerçək dəyərlərinin qorunub saxlanıldığı Azərbaycan bütün müsəlman dünyasının həmrəy olmasına çalışır.
Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri, layihə rəhbəri Fəryaddin Rəhimxanov çıxışında dövlətin dini sahəyə göstərdiyi qayğıdan bəhs edib. O bildirib ki, tolerantlığın qorunub saxlanılması baxımından Azərbaycan analoqu olmayan dövlətdir. Azərbaycandakı dini həmrəylik bütün müsəlman ölkələrinə nümunə ola bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.